Bəs qanun nə deyir? Avtomobilə hansı əlavə işıqları quraşdırmaq olar, hansı ksenonlar qanunidir və hansı dəyişikliklər birbaşa cərimə meydançasına yol açır? "Yol hərəkəti haqqında" Qanunun və İnzibati Xətalar Məcəlləsinin tələblərini maddə-maddə təhlil edirik.

1. Hansı işıqlara icazə verilir?

Qanunvericilik avtomobilin işıq sisteminin tamamilə toxunulmaz olmasını tələb etmir, lakin müəyyən sərhədlər qoyur. Aşağıdakı hallarda işıq cihazlarından istifadə tamamilə qanunidir:

  • Zavod istehsalı olan işıqlar: Avtomobilinizin konstruksiyasında istehsalçı zavod tərəfindən nəzərdə tutulmuş hər növ fara (halogen, ksenon, lazer və ya LED) qanunidir və heç bir yol polisi buna görə cərimə yaza bilməz.

  • Standarta uyğun duman əleyhinə faralar: Əgər avtomobilin komplektasiyasında duman farası yoxdursa, lakin yer quraşdırılma üçün zavod tərəfindən nəzərdə tutulubsa, ön tərəfdə ağ və ya sarı rəngdə duman əleyhinə fara quraşdıra bilərsiniz.

  • Gündüz işıqları (DRL): Müasir standartlara cavab verən, qarşıdan gələn sürücülərin gözünü qamaşdırmayan və yalnız avtomobilin görünməsini təmin edən ağ rəngli gündüz işıqları icazəlidir.

  • Analoji lampa əvəzləmələri: Zavod tərəfindən müəyyən edilmiş eyni tipli, eyni güclü və eyni rəngli lampaların yenisi ilə əvəzlənməsi (məsələn, sıradan çıxmış halogen lampanın eyni tipli yeni halogenlə əvəzlənməsi) tam qanunidir.

Hüquqi əsas: "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsinin ("Nəqliyyat vasitələrinin istismarı qadağan edilən şərtlər") III hissəsi. Burada qeyd olunur ki, nəqliyyat vasitəsinin konstruksiya tələblərinə və standartlara uyğun olan xarici işıq cihazlarının istismarına heç bir məhdudiyyət qoyulmur.

Geely-3

2. Bəs hansı ksenon (Xenon) işıqlara icazə var?

Sürücülərin ən çox qarışdırdığı və yollarda tez-tez mübahisələrə səbəb olan məqam məhz budur. Azərbaycan qanunvericiliyinə və beynəlxalq standartlara əsasən, yalnız və yalnız zavod istehsalı olan və ya bütün zavod standartlarına tam cavab verən ksenon (qazboşalmalı) işıqlara icazə var.

Bir ksenon işığın qanuni sayılması üçün avtomobildə mütləq 3 əsas şərt eyni anda mövcud olmalıdır:

  1. Faranın üzərində "D" markalanması (şüşə və ya gövdədə): Hər bir faranın daxili strukturu müəyyən lampa tipi üçün hesablanır. Əgər faranın üzərində "H" (Halogen) hərfi yazılıbsa (məsələn: H1, H4, H7), bura ksenon qoymaq qadağandır. Əgər faranın üzərində "D" (Discharge/Qazboşalmalı) hərfi yazılıbsa (məsələn: D1S, D2S, DC, DCR), bu o deməkdir ki, fara zavod tərəfindən ksenon üçün istehsal olunub və istifadəsi tam qanunidir.

  2. Avtomatik fara nizamlayıcısı (Avtokorrektor): Ksenon işığı çox güclü olduğu üçün avtomobilin arxa hissəsinə sərnişin əyləşəndə və ya yük yığılanda maşının önü yuxarı qalxır və işıq qarşıdakı sürücünün gözünü kor edir. Qanuni ksenonda salon daxilində mexaniki nizamlayıcı təkərcik olmur; sistem təkərlərdəki datçiklər vasitəsilə yükü özü təyin edir və faranın bucağını avtomatik aşağı-yuxarı tənzimləyir.

  3. Fara yuyan sistem (Fara təmizləyicisi): Ksenon faranın şüşəsi bir az tozlu və ya çirkli olduqda, işıq şüaları həmin çirk zərrəciklərinə dəyərək sınır. Nəticədə işıq yolu göstərmək əvəzinə ətrafa nizamsız paylanır və hamının gözünü qamaşdırır. Bu səbəbdən qanuni ksenon sistemli maşınlarda zavod tərəfindən quraşdırılmış fara yuyanlar mütləq olmalıdır.

Sonradan ksenon quraşdırmağın yeganə qanuni yolu:

Əgər avtomobilinizin zavod komplektasiyasında ksenon yoxdursa, dükandan ucuz "ksenon kit"ləri alıb halogen faranın içinə yığa bilməzsiniz. Bunun tək qanuni yolu – avtomobilinizin daha üst versiyasında gələn orijinal ksenon fənər blokunu (fara, linza, zavod ksenon bloku və korremini birlikdə) bütöv bir detal kimi alıb maşına quraşdırmaqdır.

3. Hansı işıqlar qəti qadağandır? ("Olmaz")

Sürücülərin "vizual görünüş" və ya "daha güclü işıqlandırma" bəhanəsi ile etdikləri bir çox dəyişikliklər birbaşa qanun pozuntusudur:

  • Halogen Faraya Ksenon və ya LED Lampa Qoymaq: Faranın orijinal konstruksiyası halogen üçün nəzərdə tutulubsa, bura sonradan ksenon və ya LED lampa taxmaq QADAĞANDIR. Faranın reflektoru bu işığı düzgün fokuslaya bilmir və qarşıdan gələni anlıq olaraq tamamilə kor edir.

  • Rəng Standartlarının Pozulması:

  • Ön hissədə: Yalnız ağ, sarı və ya narıncı işıqlar ola bilər. Önə göy, qırmızı, yaşıl, bənövşəyi işıqlar və ya rəngbərəng LED-lər qoymaq qadağandır.

  • Arxa hissədə: Qabarit və tormoz işıqları mütləq qırmızı, dönmə işıqları sarı/narıncı, nömrə işığı və geri hərəkət fənəri isə mütləq olmalıdır.

  • Sayrışan işıqlar: Operativ nəqliyyat vasitələrinə məxsus göy və ya qırmızı-göy rəngli, eləcə də sayrışan işıq siqnallarının mülki avtomobillərə quraşdırılması ən ağır qayda pozuntularından biridir.

  • Avtomobil altı neon/LED işıqlar: Avtomobilin altına yığılan və yerə rəngli işıq saçan LED xətlər digər sürücülərin diqqətini yayındırdığı üçün konstruksiya dəyişikliyi hesab edilir və qadağandır.

💡 QEYD: Çoxu elə bilir ki, "dükandan sertifikatlı LED almışam, qutunun üstündə icazə yazılıb, polis mənə dəyə bilməz". Bu tamamilə yanlışdır! Lampanın üzərindəki sertifikat fənərin konstruksiyasını dəyişmək hüququ vermir. Əgər fənərinizin üzərində halogen işarəsi (H7, H4 və s.) varsa, oraya LED və ya ksenon quraşdırdığınız an siz qayda pozan hesab olunursunuz.

4. Cərimələr: sürücüləri nə gözləyir?

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (İXM) əsasən, işıq cihazları ilə bağlı qayda pozuntularına görə kifayət qədər ciddi maliyyə cəzaları nəzərdə tutulub:

  • Faralarda normadan kənar lampalar (Halogen fənərə qanunsuz ksenon/LED yığılması, fənərlərin rənginin standartdan kənara çıxması) — İXM Maddə 342.2.2 əsasən 150 AZN cərimə.

  • Qanunsuz sayrışan işıqlar və stroboskoplar (Miqalka quraşdırılması) — İXM Maddə 342.9 əsasən 500 AZN-dən 800 AZN-dək cərimə (cihaz müsadirə olunmaqla).

Maşın cərimə meydançasına aparıla bilərmi?

Bəli! "Yol hərəkəti haqqında" Qanunun 96-cı maddəsinə və İXM-in tələblərinə görə, əgər nəqliyyat vasitəsində hərəkəti qadağan edən nasazlıq və ya qanunsuz konstruksiya dəyişikliyi varsa və bu nasazlıq yerindəcə aradan qaldırıla bilmirsə (məsələn, ksenon blokları və naqillər yerində sökülmürsə), yol polisi avtomobili müvəqqəti duracağa (cərimə meydançasına) göndərmək hüququna malikdir.

5. İşığı qanuni yolla necə gücləndirməli?

Əgər avtomobilinizin zavod işıqlarının zəif olduğunu düşünürsünüzsə, cərimələnmədən və digər sürücüləri təhlükəyə atmadan bu addımları ata bilərsiniz:

  1. Fənərlərin cilalanması: Zamanla faraların qoruyucu şüşəsi saralır və geyri-şəffaf olur, bu isə işığı 40-50% zəiflədir. Keyfiyyətli polirovka və üzərinə vurulan qoruyucu şəffaf plyonka problemi böyük ölçüdə həll edir.

  2. Gücləndirilmiş halogen lampalar: Tanınmış brendlərin (Philips, Osram və s.) istehsalı olan və qanuni standartlar daxilində qalan "+150% more light" tipli xüsusi halogen lampalarından istifadə edin. Onlar tam qanunidir, çünki fənərin növünü və konstruksiyasını dəyişmir.

  3. Fara nizamlanması (Stend vasitəsilə): Bəzən problem lampada deyil, faranın səhv bucaq altında tənzimlənməsində olur. Servisdə stend üzərində işıq bucağını düzəltdirin.

Unutmayın: Yollarda görünmək vacibdir, lakin başqalarını kor lazım deyil.

Yenilənib: 16 İyun 2026 · Mənbə: AvtoStop redaksiyası