GERİYƏ
Avtofayda 1782

Arxaya hərəkət və cərimə! Hansı vəziyyətdə avtomobili arxaya vermək olmaz?

Tural Yusifov


Bir çox situasiyalarda avtomobili arxaya vermək qanunla qadağan deyil. Amma elə vəziyyətlər də var ki, sən avtomobili arxa-arxaya idarə etdikdə buna görə ödəniş etməlisən. 60 manat + 3bal.

çərşənbə axşamı, 22 sentyabr 2020

Arxaya hərəkət etmək yolda ən təhlükəli manevrlərdən hesab edilir. Sürücü bu vəziyyətdə çox diqqətli olmalıdır. Amma çətinliyə baxmayaraq sürücülərin bir çoxu gün ərzində bir neçə dəfə bu manevri həyata keçirirlər. Məsələn: Yanacaqdoldurma stansiyasını ötürdükdə, düz yerə dönmədikdə və ya ən sadəsi park etmək üçün yer tapdıqda.

Amma elə anlar var ki, cüzdanınızla risk etmək əvəzinə avrtomobili irəli hərəkət etdirib geriyə dönmə manevri etmək ən yaxşı çıxış yolu olur. 

Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir (YHQ Maddə 42,XIII bənd).

Elə vəziyyətlər var ki, geriyə hərəkət zamanı digər hərəkət iştirakçılarına daha çox mane ola bilirsiniz. Və bu 60 manat cərimə və 3 cərimə balı ilə cəzalandırıla bilər. Həmçinin, qəza baş verdikdə bunun qarşılığı daha ağır ola bilər.

Haralarda geriyə hərəkət qadağandır

1) piyada keçidlərində;

2) tunellərdə;

3) körpülərdə, estakadalarda və onların altında;

4) dəmiryol keçidlərində;

5) ən azı bir istiqamətdə yolun 100 metrdən az hissəsi görünən yerlərdə;

6) ümumi istifadədə olan nəqliyyatın dayanacaq məntəqələrinin yerləşdiyi yerlərdə.

 

Həyətlərə dönüş yolayrıcı hesab edilmədiyinə görə, təhlükəsizliyə riayət edərək geriyə hərəkət edib həyətə dönməkdə problem yoxdur. Tunellər isə xüsusi təhlükəli yer hesab edilir.  Və bu yerlərdə geriyə hərəkət zamanı qəzadan qaçmaq demək olar ki, mümkünsüz olur. Bəs avtomagistrallarda? YHQ 43-cü maddəsi avtomagistrallarda geriyə hərəkəti qadağan edir. Bu isə İXM 327-5-ci maddəsinə əsasən artıq 100 manat cərimədir. Hələ üstəlik 4 cərimə balı da nəzərdə tutulub.

"Giriş qadağandır" nişanının təsir zonasına geriyə hərəkətlə daxil olmaq olar?

Olmaz!!! Bir tərəfli yollarda geriyə hərəkət qadağan edilməsə də, bu əraziyə giriş qadağandır. Demək ki, bu nişanın quraşdırıldığı zonaya avtomobili nə öndən, nə də arxadan hərəkət etdirməyə qanun icazə vermir. Əgər döngəni keçmisinizsə, amma geriy hərəkətin icazəli olub-omamasını dəqiq bilmirsinizsə, o zaman irəli gedin. Mütləq orada geriyə dönmək üçün yer tapılacaq. Oradan geriyə dönün. Bəzən döngəni ötürmək itirəcəyiniz puldan və ya candan daha önəmlidir.