GERİYƏ
Avtofayda 4584

Karantin müddətində texniki baxış və qeydiyyat necə aparılır ?

Tural Yusifov


14 günlük iş fasiləsindən sonra "AvtoStop" efirə qayıdan kimi ilk suallar qeydiyyat və texniki baxışla bağlı oldu. Xüsusən bu mövzuda texniki baxış vaxtı çatan sürücülər cərimə yazılacağı ilə bağlı narahatlıq keçirirdilər.

bazar ertəsi, 06 aprel 2020

Beləliklə, DİN BDYPİ-dən AVtoStop-a verilən məlumata görə 29 mart tarixinə qədər texniki baxış vaxtı çatan (Əlavə olaraq 20 gün müddəti ilə birlikdə) şəxstlər vaxtında texniki baxışdan keçmədiklərinə görə cərimələnirlər. Çünki bu müddət ərzində hərəkətə məhdudiyyət yox idi və texniki baxış müddəti çatan şəxslər vaxtında texniki baxışdan keçə bilərdilər. Martın 29-u tarixindən etibarən isə aprel ayı boyunca texniki baxış müddəti çatan şəxslərin texniki baxışdan keçmədiyinə görə güzəşt edilir. Bu şəxslərə cərimə yazılmayacaq. Amma hərəkət etmək icazəsi olan şəxslər isə texniki baxış müddəti çatıbsa, avtomobillərini texniki baxışdan keçirdə bilərlər.

Qeydiyyat məsələsində isə məsələ tam aydındır.  Əgər avtomobil əldə etmiş şəxs ölkə ərazisində hərəkət etmək icazəsinə malikdirsə, bu zaman o, BDYPİ QİM-nə yaxınlaşaraq avtomobili qeydiyyatdan keçirdə bilər. Xüsusi icazə dedikdə sms xidməti ilə müəyyən edilmiş icazə nəzərdə tutulmayıb.  Söhbət xüsusi icazələrin verilməsi üçün nəzərdə tutulmuş icazələr.gov.az saytından alınmış icazədən gedir.

O ki , qaldı etibarnamə müddəti bitən şəxslərin avtomobili qeydiyyata almaq probleminə, hərəkət icazəsi yoxdursa, bu zaman BDYPİ QİM-ə gedə bilməyəcəksiniz. Çünki bu nəzərdə tutulmuş hal deyil. Ya avtomobili sizə satan şəxslə alqı-satqı müqaviləsini ASAN xidmətdə imzalayıb (xüsusi icazəniz varsa),  sonra QİM-ə gedirsiniz. Ya da etibarnamənin müddətini uzadılması üçün yenə də ASAN xidmətə müraciət edirsiniz.

Etibarnamə vermiş şəxs ölkə kənarındadırsa, çıxış yolunu karantin müddəti bitdikdən sonra axtarmaq lazımdır. Ona görə hər dəfə avtomobil əldə edilərkən alqı-satqı müqaviləsinin imzalanmasının vacibliyini qeyd edirdik. Karantin müddəti ərzində verilmiş etibarnamələrin müddəti bitibsə, karantindən sonra avtomobilin qeydiyyata alınması üçün həmin etibarnamələrin istifadəsi qeyri-mümkün olacaq. Belə bir probleminiz varsa, avtomobilin sahibi ilə mütləq əlaqə saxlayın və karantin müddəti bitdikdə alqı-saqtı mqqaviləsinin verilməsi üçün ondan zamanını ayırmasını xahiş edin.

 

Evdə qalın və özünüzü qoruyun.