GERİYƏ
Avtofayda 2092

Şəhər içərisində saatda 110 km sürətə icazə varmı ?

Tural Yusifov


17 yanvar tarixindən "Bakı nəqliyyat agentliyi" elan etdi ki, "Aeroport şossesi" və "Zığ-Hava liman"ı avtomagistralında hərəkət sürəti saatda 120 km-dən 110 km-ə endirilib. Bəs qanuna görə şəhər içərisində saatda 110 km-ə icazə varmı ? Bunun üçün qanuna baxmaq lazımdır.

cümə, 17 yanvar 2020

Aeroport şossesi və Zığ avtomagistralı təhvil veriləndə mən ANS ÇM radiosunda "Svetofor" verilişinin aparıcısı idim və keçmiş "Nəqliyyat nazirliyi"-nin əməkdaşları oraya maksimal 120 km sürət müəyyən etdikdə mən təəcüblənmişdim. 10 ildən çox vaxt keçib yenə də qanuna əməl edən yoxdur. İlk olaraq Zığ avtomagistralından başlayaq. Bir yolun avtomagistral hesab edilməsi üçün orada 5.1 nişanının quraşdırılması lazımdır. Zığ-Hava limanı istiqamətində 5.1 nişanı quraşdırılıb və oraya saatda 120 km sürət verilmişdi. İndi isə hərəkət sürəti saatda 110 km müəyyən edilib.  YHQ 50-ci maddəyə əsasən :

Minik avtomobilləri avtomagistrallarda — saatda 110 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər 

Beləliklə, qanuna əsasən əvvəllər müəyyən edilmiş maksimal sürət (120) qanuna uyğun deyildi. Halhazırda avtomagistralda tətbiq edilən maksimal 110 km sürət YHQ 50-ci maddəyə uyğundur .

BNA-nın "Aeroport şossesi"- nə tətbiq etdiyi sürət isə qanuna uyğun deyil. Bundan öncəki maksimal saatda 120 km sürət qanuna uyğun olmadığı kimi, 110 sürət də qanuna uyğun deyil.

YHQ 1-ci fəsil, 1-ci maddə, 6-cı yarımbəndə əsasən :

avtomagistral — nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi çəkilmiş və nəzərdə tutulmuş elə bir yoldur ki:

həmin yol boyunca yerləşən təsərrüfat, istehsal və ya tikinti təyinatlı obyektlər digər nəqliyyat vasitələri tərəfindən istifadə edilə bilməz;

ayrı-ayrı yerləri istisna olmaqla və ya müvəqqəti qaydanın müəyyənləşdirildiyi hallarda başqa, əks istiqamətlərdə hərəkət istiqamətləri üçün ayrı-ayrı hərəkət hissələri vardır, həm də bu hissələr arasında hərəkət üçün nəzərdə tutulmayan ayırıcı zolağın və ya müstəsna hallarda başqa vasitələrin köməyi ilə hədd qoyulmuşdur; dəmiryol, tramvay yolları və başqa yollarla, habelə piyada zolaqları ilə bir səviyyədə kəsişmələri yoxdur;

hərəkət hissəsində nəqliyyat vasitələrinin dayanması və ya durması qadağan edilir, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilir.

Deməli, bu yol avtomagistral hesab edilmir və burada hərəkət sürəti saatda 110 km ola bilməz. YHQ 50-ci maddəyə baxırıq.

minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənarda:

avtomagistrallarda — saatda 110 kilometrdən çox olmayan sürətlə;

başqa yollarda — saatda 90 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər;

Bu yol yaşayış məntəqəsindən kənar olmadığına görə burada maksimal sürət maksimal olaraq saatda 90 km olmalıdır. 

yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər;  

 Aeroport şossesindəki 110 sürət YHQ 50-ci maddəyə tam olaraq ziddir. Bundan öncə 120 sürət də zidd idi, indiki 110 sürət də ziddir. Sürücülərimizdən qanuna əməl etməyi tələb ediriksə, mütləq bütün nişan və xətləmələr qanuna uyğun olmalıdır.