GERİYƏ
Avtofayda 2087

Qeydiyyat zamanı texniki baxış və ödənilməmiş cərimə problemi.


Son vaxtlar bu mövzu daha da aktuallaşıb. Avtomobillər qeydiyyata aparılan zaman texniki baxış tələb edilir. Öncə belə bir qayda yox idi, amma yenə tələb edirdilər. İndi isə belə tələb qanunda müəyyən avtomobillər üçün var, ancaq yenə də texniki baxış tələb edilir. Biz isə qanuna baxırıq. Qanuna əsasən avtomobilin qeydiyyatı zamanı texniki baxışa ehtiyac varmı ?

cümə, 22 iyun 2018

Avtomobilin qeydiyyatı "Yol hərəkəti haqqında", "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə" AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI ilə nizamlanır.

Beləliklə qanuna nəzər salırıq - YHQ , 27-ci maddə, V bənd.

"V-II. Nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir."

Burası aydındır. Bəzən inspektorlar bu sözü əsas gətirərək texniki baxış tələb edirlər. Amma qanunda yazır:

"Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir: 1) Azərbaycan Respublikasında ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan bu Qanunun 30-cu maddəsinin VI-II hissəsində nəzərdə tutulmuş müddət keçməmişdirsə;"

Dərhal YHQ 30-cu maddənin VI-II hissəsinə baxırıq. Orada yazılıb :

"VI-II. Aşağıdakı müddətdə nəqliyyat vasitələri texniki baxışa cəlb olunmur:

bu Qanunun 27-ci maddəsinin ikinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş nəqliyyat vasitələri (bu maddənin VI-II hissəsinin 1-ci bəndində göstərilənlər istisna olmaqla) - istehsal olunduğu vaxtdan dörd il müddətində."

Yəni istehsal ilindən 4 il keçməmiş avtonəqliyyat vasitələri texniki baxışdan keçirilmir. YHQ 27-ci maddə nə deyirdi ?

"Aşağıdakı hallarda dövlət qeydiyyatının aparılması və daimi uçota alınması ilə əlaqədar nəqliyyat vasitəsi texniki baxışdan keçirilmir: 1) Azərbaycan Respublikasında ilk dəfə dövlət qeydiyyatına alınan nəqliyyat vasitəsinin istehsal olunduğu vaxtdan bu Qanunun 30-cu maddəsinin VI-II hissəsində nəzərdə tutulmuş müddət keçməmişdirsə;"

Daha sonra qanun başqa məqamı qeyd edir:

"2) Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi bu Qanunun 30-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş müddətdə texniki baxışdan keçirilmişdirsə".

Ora nəzər salırıq.

"VI. Nəqliyyat vasitələrinə bu Qanunun 27-ci maddəsinin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda aşağıdakı müddətlərdə texniki baxış keçirilir:

istehsal olunduqları vaxtdan dörd il keçdikdə – iki ildə bir dəfə;

istehsal olunduqları vaxtdan on il keçdikdə – ildə bir dəfə".

Nəticə: Avtomobilinn istehsalından 4 il keçməyibsə, qeydiyyat zamanı texniki baxış tələb edilmir. Avtomobil texniki baxışdan keçibsə, texniki baxış tələb edilmir. Avtomobilin texniki baxışı bu ildirsə, yenə də texniki baxış tələb edilir.

Keçək bu texniki baxış məsələsinə:

"Texniki baxış zamanı nəqliyyat vasitəsinin bu Qanuna 1 saylı Əlavənin I və II hissələrində göstərilən nasazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilir və daimi uçota alınır".

YHQ 1 saylə əlavənin I və II bəndinə baxırıq:

  1. Tormoz sistemləri və II. Sükan idarə mexanizmi - vəssalam.

Nə asqı, nə dəm qazı, nə işıqlar, nə də təkər. Sadəcə bu iki sistem yoxlanılmalıdır.

 

İndi isə keçək ödənilməyən cərimənin qeydiyyat zamanı tələb edilməsinə. Yuxarıda qeyd etdiyimiz kimi, bu Nazirlər Kabinetinin qərarı ilə nizamlanır.

Orada deyilir :

2.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs tərəfindən müvafiq sənədlər verildiyi, onun barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimə ödənildiyi və nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri, habelə rəngini tutuşdurmaq məqsədilə müayinəyə təqdim edildiyi vaxtdan 30 dəqiqə, sənədlərin həqiqiliyinin şübhə doğurduğu müstəsna hallarda bir gün ərzində nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılmasını və onun daimi uçota alınmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsini həyata keçirməlidirlər. Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə ərizəçiyə məlumat verilir və bunlar aradan qaldırıldıqdan sonra dövlət qeydiyyatı aparılır. Qeydiyyata alınan nəqliyyat vasitəsinə dövlət texniki baxış talonu verilir

Yəni qərarı verilmiş, şikayət edilməyən, qüvvədə olan və icrası dayandırılmayan protokoldursa o mütləq ödənilməlidir.

Həmçinin, qərarda deyilir:

Nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57.1-57.4-cü və 97.4-cü maddələrində nəzərdə tutulmuş qaydada çatdırılması mümkün olmayan yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə sənədlərin çatdırılması təmin edilməlidir.

Bu o deməkdir ki, siz qeydiyyata gəldiyiniz zaman, sizin ünvana məktubu çatdırmaq mümkün olmayıbsa, sizə həmin məktub təqdim edilir. Və sizin bu protokolla şikayətiniz yoxdursa, cərimənizi ödəməlisiniz. 10 gün ərzində şikayət etdikdə icraat dayanır və qeydiyyat zamanı probleminiz olmalı deyil. Lakin, ünvana göndərilmiş, amma qərarı verilməmiş protokolun ödənilməsi tələb edilə bilməz.