GERİYƏ
Avtofayda 9895

Yol polisi bir dəfəyə neçə protokol yaza bilər?


Bir çox hallarda sürücünü bir qayda pozuntusuna görə saxlayıb, aşkara çıxarılmış digər qayda pozuntularına görə də cərimə yazırlar. Qanuna əsasən sürücü bir dəfəyə neçə cəza ala bilər? Bunu aydınlaşdırmağa çalışacayıq.

çərşənbə, 17 yanvar 2018

Belə bir mif var ki, yol polisi sürücünü bir neçə qayda pozuntusuna görə saxladıqdan sonra, ona yalnız ən ağır qayda pozuntusuna görə cərimə yazır, digər cərimələri saymır. Bu mifi İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi pozur.

 

Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.

Başqa sözlə desək nə qədər qayda pozmusunuzsa, bir o qədər protokol yazılır.  Amma və lakin...  Burada da əlavələr var. Tutaq ki, siz kəmər taxmadan, STOP nişanının tələbini pozaraq, qarşı yola çıxıb əks istiqamətdə hərəkət etdiniz. Və bu qayda pozuntusunu eyni vaxtda edirsiniz, eyni küçədə həmnin rayonun YPX inspektoru sizi saxlayır. Bu zaman sizə hansı cərimələr tədbiq edilir.

34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.

Beləliklə, kəmər taxmamağa görə 40 manat , STOP nişanı 60 manat 3 bal, əks yola çıxıb hərəkət etmə 60 manat 3 bal. Burada ən yuxarı cərimə 60 manatdır. Bütün qayda pozuntuları eyni vaxtda baş verib və bu işə eyni orqan baxır. STOP və ya əks istiqamətə çıxmanın 60 manat cəriməsi və 3 balı əsas sanksiya kimi təyin edilir. Digər qayda pozuntusunun 1 balı cərimə balına əlavə edilir. 40 manat cərimə kəmərə görə tədbiq edilmir. Nəticədə 60 manat 4 bal alınır.

Foto: APA

Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir.

Tutaq ki, sürücü kəmər taxmadan yola çıxır, bir müddət getdikdən sonra svetoforun qırmızı işığında keçir, ondan bir qədər sonra ayrı bir yerdə qoşa xətti tapdalayaraq əks istiqamətə çıxır. Bütün bu qayda pozuntuları eyni rayonun ərazisində baş veribsə və bu işə həmin rayonun (şəhərin) yol polis idarəsi baxırsa, hər biri üçün ayrıca protokol tərtib edilib, bu protokollar cəmlənəcək. Kəmər - 40 manat, qırmızı işıq 60 manat , 3 bal, Əks istiqamət 60 manat , 3 bal. Cəmi - 160 manat. 6 bal.

Başqa bir situasiya. Sizi təhlükəsizlik kəmərinə görə saxlayıblar və cərimə yazırlar. Cərimə yazıldıqdan sonra yenə kəmərsiz hərəkətə başlayarsınızsa, o zaman bu sizə yenə kəmər cəriməsinin yazılması üçün səbəbdir. Bu 2 ayrı qayda pozuntusu hesab ediləcək. 

Eyni məsələ kamera görüntülərinə də aiddir. Sürücü stabil olaraq saatda 130 km sürətlə hərəkət edir və yol boyu müxtəlif kameralara düşür. Kamerada düşmə vaxtları fərqli olduğuna görə çox saylı qayda pozuntusu kimi cəmlənəcək. 3 kameradırsa, 3 müxtəlif qayda pozuntsu kimi rəsmiləşdiriləcək. 

Ona görə çalışın qayda pozmayın.