GERİYƏ
Avtofayda 21431

Sükan arxasında danışmağa görə cərimə.


Sükan arxasında danışmağa görə cərimənin olub-omaması və bunu tətbiqetmə üsulu haqqında çox sual verilir. Ona görə bu məqaləni diqqətlə oxuyun ki, sonra verbal ünsiyyət barədə düşünməyəsiniz.

cümə, 20 oktyabr 2017

Bəs bu məsələ haradan çıxdı ? Bəli, İnzibati Xətalar Məclləsində belə bir maddə var. Və yeri gəlmişkən deyəsən ancaq bizim inzibati xətalar məcəlləsində bu maddə mövcuddur. İlk olaraq maddə ilə tanış olaq : Nəqliyyat vasitəsini idarə etməkdən diqqəti yayındıra biləcək söhbətdə iştirak etməyə görə cərimə 40 manat. 

Bu maddə deyəsən yaddan çıxıb məcəllədə qalıb. Çünki, heç inspektor sizin söhbətinizin məğzini bilmədən sizə bu ittihamı irəli sürə bilməz. İnsanlar müxtəlif tempramentlərə malikdirlər. Mən emosionalam, digər sakit təbiətlidir. Mən ucadan danışıram , digəri astadan danışır. Və DYP inspektoru o qədər bekar deyil ki, avtomobillərin içərisini güdsün.

Mən biləni DYP indiyədək neçə faiz qəzanın məhz diqqətdən yayınan söhbətdən sonra  baş verdiyi statistikasını açıqlamayıb. Çünki, belə bir statistika mövcud deyil.

Gələk məsələnin praktik hissəsinə. Bu hansı hallarda mümkündür:

1. DYP inspektoru sizi müşahidə edir və görür ki, siz sükan arxasında söhbət edirsiniz. Bu söhbətdə başınız qarışır və siz qarşıda gedən avtomobili arxadan vaxtında tormozlamayaraq vurursunuz. Sizə hansı cəriməni yazırlar? Bəli, İXM 327.1 - Ara məsafəsinin düzgün saxlanılmamasını. İkinci cəriməni yaza bilməyəcəklər, çünki eyni vaxtda iki və daha artıq qayda pozuntusu eyni orqan tərəfindən aşkar edilirsə biri (ən yüksəyi) tədbiq edilir. Burada isə cərimə miqdarı eynidir.

2. DYP inspektoru yenə sizi müşahidə edir və siz başınız söhbətə qarışaraq svetoforda STOP xəttini keçirsiniz. İXM 327.2 60 manat cərimə və 3 bal.

3. Yenə çənə qızışıb və piyadaya yol verməmisiniz - İXM 330-cu maddə 50 manat cərimə

Bu siyahını uzatmaq olar. Amma görünən odur ki, hər hansı bir qayda pozuntusu diqqət yayğınlığından ola bilər. Lakin bu qayda pozuntularının cərimələri tətbiq edildikdə, söhbətə görə cəriməni yazmaq mümkün deyil.

 

Lakin, inspektor bu pozuntular olmadan sizin söhbət edib, güldüyünüz görüb saxlayarsa, nə  baş verə bilər ?

İnspektor sizi saxladıqda ilk olaraq saxlama səbəbini deməli və daha sonra sənədləri tələb etməlidir. saxlama səbəbi isə diqqəti yayındıracaq söhbətdə iştirakdır.

Sübut varmı? Və ya sübut edə bilərmi ? Bu və ya digər qayda pozuntusu İpatrul, TŞ kameraları vasitəsi ilə qeydə alınıb sübut edilə bilər. Bəs danışıq?

Axı İXM -i deyir :

Maddə 3. İnzibati məsuliyyətin əsasları

Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - Sual nörmə 1- İnspektor hansı əlamətlərə əsaslanacaq ? Sadəcə danışıqmı yoxsa əl-qol hərəkətləri və ya yüksək səslə gülmək ?

Maddə 8. Təqsirsizlik prezumpsiyası prinsipi

8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir.

8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir.

8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - Sual nömrə 2 -  İnspektor şübhələri əsasında qərar verəcəksə, İXM-də bu maddə nə üçün mövcuddur?

Hər bir inspektor bu maddələri gözəl bilir və ona görə indiyənə qədər bu 342-ci maddədə olan "uğurlu" bənd heç kimə tədbiq edilməyib.

Əslində inspektor sizə hansı cəriməni YAZMALIDIR:

Sükan arxasında söhbət edirsiniz və əlinizin hər ikisi sükandan götürülüb.

Sükan arxasında əlinizdə telefon danışırsınız.

Vəssəlam. 342.1.2.-ci maddə üçün heç bir əsas yoxdur. Əsas olması üçün gərək sürücülərdə ötürücü yerləşdirilsin. Daha sonra sürücü danışanda inspektora məlumat ötürülsün. Onun ürək döyüntüləri və diqqət yayınması haqqında siqnal gəldikdə onu saxlasın. Belə bir fantastika isə mövcud deyil. Avtomobildə robotlar deyil insanlar hərəkət edir və məsafədən asılı olmayaraq onlar ünsiyyət qura bilərlər və qurmalıdırlar da. 

Yeri gəlmişkən, sükan arxasında qida qəbul etmək və su içmək qadağası mövcud deyil.

Son olaraq Azərbaycanda  baş verən qəzaların əsas səbəbləri :

38,9%-ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 23,2%-i nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,9%-i  yolayrıclarını keçmə qaydalarının pozulması,

1,9%-i nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması.

Məncə yollarda daha vacib işlər görülməlidir.